Emin Paşa oğlu Abdullayev (Milli) 14 oktyabr 1979-cu ildə Bakıda doğulub.
1999-cu ildə Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq və Beynəlxalq Münasibətlər fakültəsini bitirib, Almaniyada Avropa Saarbruecken Hüquq Məktəbində magistr dərəcəsi alıb.
1999-2000-ci ildə Bakıda (International Republican Institute (IRI)) Beynəlxalq Respublikaçılar İnstitutunda koordinator, 2002-2004-cü ildə Friedrich Ebert Fondunun Azərbaycan üzrə direktoru işləyib.
2002-2004-cü illərdə həm də Avropa Şurasının Azərbaycanda siyasi məhbuslar üzrə hüquqşünası və məsləhətçisi olub.
2005-ci ildə "Milli" təxəllüsünü götürür.
2005-ci ildə Emin Milli ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçki müşahidə missiyasının siyasi təhlilçisinin köməkçisi işləyib.
2005-ci ildən dünyada ən böyük sosial şəbəkə olan facebook-u tərcümə edənlərdən biri olub.
Dövlət Gömrük Komitəsinin və Prokurorluğun işçiləri üçün tərcüməçi kimi ABŞ-a gedib.
Emin Milli 2005-ci ildə xaricdə oxuyan məzunlarla bir yerdə Alumni Network (Məzunlar Şəbəkəsi)ni-AN şəbəkəsini yaradır.
Yahoo-email qruplardan sayılan «AStudents» qrupunu da Emin Millinin həmtəsisçisi olduğu AN şəbəkəsi yaradıb. «AStudents»in 2500-dən çox üzvü var.
Emin Milli 28 may 2008-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin büstü qoyulmalı olan, əvəzində fontan tikilən yerə gül dəstəsi qoymağa cəhd eləyir,
2009-cu ilin yanvarında Amerikada yaşayan azərbaycanlılar Konstitusiyada dəyişikliyə etiraz kimi Nyu-Yorkda, BMT-nin baş ofisinin qarşısında aksiya keçirir. Emin Milli həmin aksiyanı təşkil eləyən AZAD adlı təşkilatının təşəbbüs qrupunun üzvü idi.
2009-cu ilin aprelində Emin Milli ABŞ-ın Kolumbiya Universitetində Azərbaycanda Konstitusiya dəyişikliyinin əleyhinə kəskin tənqidi çıxış edir.
Emin Milli tərəfdaşları ilə bir yerdə 10 may 2009-cu ildə Neft Akademiyasında həlak olan 12 nəfərin xatirəsinə matəm elan olunmamasına etiraz kimi cüt qərənfillə gəlib «gül bayramı»nın keçirildiyi yerdə dayanmışdı. Polis Millini başqa etirazçılarla bir yerdə bir neçə saatlığına həbs etmişdi.
2009-cu ilin iyulun 8-də Emin Milli özündən başqa altı dostu ilə bir yerdə «Livan» restoranının barında baş vermiş olaya görə 2 ay həbs olunmuşdur.
Emin Milli ictimai fəaliyyətlə məşğul olduğu dövr ərzində, heç bir siyasi partiyanın üzvü olmamış və heç vaxt siyasi iddia irəli sürməmişdir. Fəaliyyəti dövründə insanları tolerantlığa, qeyri-zorakılığa, maariflənmə və təhsilə səsləyərək ölkənin demokratik inkişafı üçün şəbəkələşmə kimi ən sivil metotlardan istifadə etmişdir.
"Sərhədsiz Reportyorlar" Birliyi Emin Millini «bloqçu» kimi təqdim edir, amma Azərbaycanda Emin Millini bloqçu kimi yox, daha çox forumlarda, sosial şəbəkələrdə məlumat yayan adam kimi tanıyırlar.
Hal hazırda 2.5 il müddətinə azadlıqdan məhrum edilib.
___________________________________________________________________________________________
ADNAN HACIZADƏNİN TƏRCÜMEYİ-HALI
Adnan Hikmət oğlu Hacızadə 1983-cü il, iyulun 13-də Bakıda anadan olub.
Bakı Avropa liseyini bitirib. 2000-ci ildə Qərb Universitetinə daxil olub, bir il sonra ABŞ-ın Riçmond Universitetinə transfer olub, burada siyasətşünaslıq üzrə bakalavr təhsili alıb, 2005-ci ildə Bakıya gəlib, Xəzər Universitetinin hüquqşünaslıq fakültəsində bakalavr dərəcəsi alıb.
Adnan Hacızadənin Amerikadan qayıdışı Azərbaycanda Parlament seçkiləri ilə eyni dövrə düşür. Adnan müxalifətin mitinqlərində yenə də sıravi kimi iştirak edir.
Həmin dövrdə «Ol!» Gənclər Hərəkatını yaratmaq ideyası müzakirə olunur. 2006-cı ildə «Ol!» yaranır.
2007-cii ldə hərbi xidmətdə olmuşdur. 2008-ci ildə hərbi xidmətdən qayıtdıqdan sonra “BP” ictimayyətlə əlaqələr şöbəsində öz işini davam etdirir.
2009-cu ilin mayın 28-də «ADR bizi birləşdirir!» aksiyasının müəllifi də Adnan Hacızadə idi. Həmin gün 16 nəfər gənci bir neçə saatlığa həbs elədilər.
İctimai fəaliyyətə 2003-cü ilin prezident seçkiləri vaxtı başlayıb. Bu dövr ərzində, heç bir siyasi partiyanın üzvü olmamış və heç vaxt siyasi iddia irəli sürməmişdir. Fəaliyyəti dövründə insanları tolerantlığa, qeyri-zorakılığa, maariflənmə və təhsilə səsləyərək ölkənin demokratik inkişafı üçün şəbəkələşmə kimi ən sivil metotlardan istifadə etmişdir.
2009-cu ilin iyulun 8-də Adnan Hacızadə özündən başqa altı dostu ilə bir yerdə «Livan» restoranının barında baş vermiş olaya görə 2 ay həbs olunmuşdur.
Hal hazırda 2 il müddətinə azadlıqdan məhrum edilib.